"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən böyük amildir"
Heydər Əliyev

ARDNŞ 21-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində

3–6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində regionun enerji sektorunun mühüm tədbirlərindən sayılan 21-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil and Gas 2014”) sərgi və..

Hər bir yubileyin öz mənası var, o, həm arxada qalan illərə yekun vurur, həm də geriyə retrospektiv nəzər salır. Çoxillik fəaliyyətin növbəti mərhələsinin uğurları həmişə məmnuniyyət və qürur doğurur və əlbəttə, yeni nailiyyətlərə ruhlandırır. Azərbaycan iqtisadiyyatının flaqmanı – milli neft şirkəti ARDNŞ 20 illiyini qeyd edir. Rəsmən gənc qurum olmasına baxmayaraq, ARDNŞ qədim neft diyarı olan Azərbaycanın zəngin tarixə malik neft-qaz sənayesinin tamhüquqlu varisidir. 









ARDNŞ: 20 il ön sıralarda

Hər bir yubileyin öz mənası var, o, həm arxada qalan illərə yekun vurur, həm də geriyə retrospektiv nəzər salır. Çoxillik fəaliyyətin növbəti mərhələsinin uğurları həmişə məmnuniyyət və qürur doğurur və əlbəttə, yeni nailiyyətlərə ruhlandırır. Azərbaycan iqtisadiyyatının flaqmanı – milli neft şirkəti ARDNŞ 20 illiyini qeyd edir. Rəsmən gənc qurum olmasına baxmayaraq, ARDNŞ qədim neft diyarı olan Azərbaycanın zəngin tarixə malik neft-qaz sənayesinin tamhüquqlu varisidir. Azərbaycan neftçiləri dünya neft-qaz sənayesinin inkişafına danılmaz töhfələr bəxş ediblər: neftin sənaye üsulu ilə çıxarılması, tankerlər və dəmir yolu ilə daşınması, boru kəmərləri vasitəsi ilə nəql edilməsi, açıq dənizdən hasil olunması kimi tarixi hadisələrin başlanğıcı məhz bizim Vətənimizdə qoyulmuşdur. Bu mənada son 20 ili məntiqi olaraq, 160 ildən artıq bir tarixə malik neft-qaz sənayemizin yeni inkişaf mərhələsi kimi qiymətləndirmək lazımdır. 

Məlumdur ki, Sovet dövründə Azərbaycan neft-qaz sənayesini təmsil edən müəssisələrin əksəriyyəti birbaşa Moskvaya tabe idi. Eyni zamanda, dövlət müstəqilliyimizin qazanıldığı ilk illərdə əvvəlki iqtisadi əlaqələrin qırılması neft sənayesinin digər qurumlarının işinə  öz mənfi təsirini göstərirdi. Belə bir şəraitdə neft sahəsində bütün istehsalat müəssisələrini və elmi-tədqiqat institutlarını vahid strukturda birləşdirən Azərbaycan Dövlət Neft Şirkəti ümummilli lider Heydər Əliyevin düzgün seçilmiş iqtisadi siyasətinin, müdrikliyinin və uzaqgörənliyinin əyani sübutu oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqramlı, məqsədyönlü rəhbərliyi sayəsində bu gün ARDNŞ artıq modern, çevik, güclü, yüksək beynəlxalq standartlara cavab verən struktura çevrilib. Öz potensialı hesabına dövlət səviyyəsində həyata keçirdiyi bir sıra layihə və proqramlar ARDNŞ-nin hərtərəfli, geniş fəaliyyətinin uğurlu nəticəsidir. Onun aktivində güclü maliyyə resursları və maddi-texniki baza, öz işində yeni texnologiyalardan və müasir elmi nailiyyətlərdən istifadə edən peşəkar mütəxəssislərin zəngin təcrübəsi var. Ötən 20 ili Azərbaycan neft-qaz sənayesinin və onun flaqmanı olan ARDNŞ-nin yüksəliş dövrü kimi səciyyələndirmək mümkündür. Ölkənin təsdiq olunmuş karbohidrogen ehtiyatlarının, neft-qaz hasilatının artırılması, yalnız iqtisadi deyil, eyni zamanda qlobal geosiyasi əhəmiyyət daşıyan, tarixdə ilk dəfə olaraq Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən müasir texniki xüsusiyyətlərə malik ixrac neft və qaz kəmərlərinin çəkilməsi, nəticə olaraq Azərbaycan mənşəli enerji daşıyıcılarının dünyaya çıxarılması keçilmiş inkişaf yolunun əsas göstəriciləri sayıla bilər.     

 

Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı enerji layihələrinin tarixi 1994-cü ildən başlanır. Sentyabrın 20-də Bakıda imzalanmış “Əsrin müqaviləsi” Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoydu. On bir transmilli neft şirkəti ilə imzalanmış, Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının, həmçinin  “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsini nəzərdə tutan bu müqavilə təkcə bizim respublikamız üçün deyil, bir sıra digər ölkələr üçün, xüsusilə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də mühüm strateji əhəmiyyətə malikdir.   

 

Nəhəng “Şahdəniz” yatağının istismara verilməsi Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etməsinə və təbii qaz ixrac edən ölkələr siyahısına daxil olmasına imkan yaratdı. Hələ bir neçə il əvvəl qaz idxal edən Azərbaycan bu gün Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana qaz tədarük edir. “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 min tondan çox kondensat həcmində dəyərləndirilir. “Şahdəniz hazırda dəniz akvatoriyasında istismar olunan ən böyük qaz yataqlarından biridir.

 

Qısa müddətdə dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları sırasına qoşulan ARDNŞ əldə etdiyi zəngin təcrübə və qabaqcıl texnologiyalar sayəsində nəhəng layihələrin təkbaşına icraçısına çevrilməklə dənizdə və quruda yerləşən onlarla yataqda müstəqil şəkildə uğurla işləyir, Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsində yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” kimi perspektli strukturlarda karbohidrogen ehtiyatlarının axtarışı istiqamətində səylərini davam etdirir. 2010-cu ilin payızında aparılan gərgin fəaliyyətin nəticəsi olaraq müstəqillik dövründə ilk dəfə ARDNŞ tərəfindən yeni böyük qaz-kondensat yatağı aşkarlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında bu münasibətlə təşkil edilən görüşdə ölkə başçısı haqlı olaraq “Ümid” yatağının ümidləri doğrultduğunu qeyd etdi. Artıq mənimsənilməkdə olan “Ümid” yatağı Azərbaycanın daxili bazarının mavi yanacaqla təchizatında mühüm rol oynayacaqdır. “Ümid” yatağının aşkarlanmasından bir müddət sonra Fransanın “Total” və “Gas de France” şirkətləri ilə birlikdə işlənilən “Abşeron” strukturunda daha bir böyük qaz-kondensat yatağının açılması Azərbaycanın enerji potensialına marağı daha da artırdı. Digər perspektiv strukturlarda da kəşfiyyat işləri uğurla davam etdirilir.  

 

Azərbaycanın neft sənayesinin modernləşdirilməsində avanqard rolunu oynayan ARDNŞ bu gün ölkə daxilində və xaricdə həyata keçirilən onlarla beynəlxalq layihənin əsas iştirakçısıdır. Şirkətin əldə etdiyi mühüm sənaye nailiyyətlərindən biri də təhlükəsiz neft və qaz kəmərləri, yeraltı qaz anbarları, neft terminalları sistemini yaratmasıdır. Bu şaxələndirilmiş sistem beynəlxalq enerji sazişləri üzrə öhdəliklərin keyfiyyətli və sabit şəkildə yerinə yetirilməsinə imkan verir. Hazırda Azərbaycanda neft və qazın dünya bazarına daşınması üçün nəzərdə tutulan 7 magistral ixrac kəməri fəaliyyət göstərir. Onlardan ən böyüyü, şübhəsiz ki, dünyanın unikal mühəndis-texniki qurğularından sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Qarşıdakı illərdə “Şahdəniz” yatağından və digər yataqlardan hasil olunacaq təbii qazın Türkiyəyə və oradan da Avropa ölkələrinə nəql edilməsi məqsədi ilə iki qardaş ölkənin birlikdə inşasına qərar verdikləri “TransAnadolu” qaz boru kəməri isə yeni əsrdə ARDNŞ-nin uğur salnaməsinə qızıl hərflərlə yazılacaq bir layihədir. Ekspertlər bu kəmərin beynəlxalq strateji əhəmiyyətini çox yüksək qiymətləndirirlər.

 

Azərbaycanın yeni neft strategiyası bu gün öz coğrafi, iqtisadi və strateji miqyaslarını ilbəil genişləndirir və ölkə iqtisadiyyatının əsaslarının möhkəmlənməsinə xidmət edir. Gürcüstan, Ukrayna, Türkiyə, Rumıniya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə ARDNŞ-nin yaratdığı, idarə etdiyi aktivlər müstəqil Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə mühüm töhfələr verir. Bu layihələrdən qazanılan gəlirlər isə sosial-iqtisadi sahədə xalqın rifahının artırılmasına, iritutumlu proqramların reallaşmasına yönəldilib. ARDNŞ son illərdə mütəxəssislər tərəfindən hazırlanmış ekoloji siyasət kampaniyası çərçivəsində Bakınınyaşıllaşdırılması və abadlaşdırılmasında fəal iştirak edir. Şirkət respublikanın müxtəlif rayon və kəndlərində yeni məktəb, kitabxana, xəstəxana binaları, idman qurğuları, körpülər tikir, park və istirahət zonalarının salınmasında da iştirak edir. ARDNŞ-nin  Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramı çərçivəsində Lənkəran, Naxçıvan, Şirvan, Qazax, Zaqatala, Qəbələ, Bərdə, Gəncə, Quba, Şamaxı, Cəlilabad və Xızıda tikdiyi müasir avadanlıqla təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri səhiyyənin inkişafına yeni təkan verib.

 

Azərbaycan əməkdaşlığa açıq ölkədir. Buna görə də ARDNŞ-nin bir sıra layihələrinin reallaşdırılmasına bu qədər çox sayda xarici neft və qaz şirkətləri cəlb olunub. Xarici mütəxəssislərlə birgə iş zamanı əldə olunmuş yeni imkanlar milli neft şirkətinin sənaye və istehsal potensialının avanqardına və gənc respublikanın sürətli inkişafının inandırıcı simvoluna çevrilməsinə yardım edib. Azərbaycanın Xəzər və Qafqaz regionunda mühüm rol oynayan dövlət və Xəzər dənizinin böyük enerji resurslarının geniş istismarına başlamış, keyfiyyətcə yeni iqtisadi model formalaşdırmış ölkə olmasında ARDNŞ az rol oynamayıb.

 

1995

- “Əsrin müqaviləsi”ni reallaşdırmaq məqsədilə 9 əsas beynəlxalq şirkətin - British Petroleum, Chevron, ARDNŞ, İNPEX, Statoil, ExxonMobil, TPAO, İTOCHU və HESS şirkətlərinin konsorsiumu tərəfindən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC) yaradılmışdır.

 

1996

- İyunun 4-də Bakıda BP, Statoil, LUKAgip, Elf Aquitaine (Fransa) (indi TOTAL), OIEC (İran) (indi NICO), TPAO və SOCAR arasında “Şah Dəniz” qaz-kondensat yatağının perspektivli strukturuna dair (500 mlrd. kubmetr qaz və 100 mln ton neft istehsalı planlaşdırılırdı) saziş imzalanmışdır (4 mlrd. ABŞ dolları həcmində sərmayə qoyuluşu).

 

1997

- Oktyabrda gündəlik debiti 1000 tondan çox olan quyudan Çıraq-1 platformasının ilk nefti hasil olunmuşdur;

- Bakı-Novorossiysk ixrac kəməri üzrə iş tamamlandı və oktyabrın 25-də ilk Azərbaycan nefti Novorossiyskə çatdırılmışdır.  

- Avqustun 1-də Vaşinqtonda Azərbaycan Prezidenti Heydər Əliyev və ABŞ-ın vitse-prezidenti Albert Qorun iştirakı ilə Amerikanın  Chevron, Exxon və Mobil şirkətləri ilə SOCAR arasında “Abşeron”, “Oğuz” və “Naxçıvan” neft strukturları üzrə  7, 8, 9 saylı sazişlər (ümumi sərmayə qoyuluşu – 5,5 mlrd ABŞ dolları) imzalanmışdır (hər sazişin müddəti – 25 il); 

- Səngəçalda gündəlik 115 min barrelə yaxın neft qəbul edə biləcək neft terminalının tikintisi başa çatmışdır;

 

1999

-  «Şah-dəniz» strukturunda 1 trilyon kubmetrdən artıq ehtiyata malik qaz yatağı kəşf edilmişdir.

- 1999-cu il aprelin 17-də Azəri-Çıraq-Günəşlı yataqlarının tədqiqi ilə bağlı imzalanmış saziş çərçivəsində tikilmiş Bakı-Supsa neft kəməri istismara verilmişdir. Kəmərin illik tutumu təxminən 7 mln tondur (gündə 140 min barrel). 

- Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmışdır (neft fondu gələcək nəsillər üçün neft ehtiyatı toplamaq məqsədi daşıyır).

 

2001

- 2001-ci il avqustun 16-da Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən verilmiş fərmana əsasən “Əsrin müqaviləsi” imzalandığı gün – 20 sentyabr Azərbaycan Neftçilərinin Günü kimi qeyd olunur.

 

2003

- London şəhərində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin Direktorlar Şurası Bakı-Tbilisi-Ceyhan kəmərinin maliyyələşdirilməsinə dair qərar qəbul etmişdir. Bu layihənin maliyyələşdirilməsi üçün 15 beynəlxalq kommersiya banklarının iştirakı ilə sindikat yaradılmışdır.

- Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin əsası qoyulmuş və tikintisinə başlanılmışdır. Layihənin açılış mərasimi Bakıdan 40 km cənubda Səngəçal qəsəbəsindəki terminalda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilmişdir.

 

2006

- İyulun 13-də Ceyhanda uzunluğu 1768 km (Azərbaycan ərazisində 443 km, Gürcüstanda 249 km, Türkiyədə 1076 km) olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli rəsmi açılışı olmuşdur. Kəmərin layihə tutumu – ildə 50 milyon ton və ya gündə bir milyon barreldir. 

- 2006-cı ilin payızında “Şah Dəniz” yatağından ilk qaz alınmışdır. Onun tədqiq edilmiş ehtiyatları 629 milyard kubmetr qaz və 102 milyon ton qaz kondensatı həcmində dəyərləndirilir.

- 2006-ci ildə ARDNŞ istedadlı və perspektivli gənclərin Almaniya, Britaniya, ABŞ, Fransa, Türkiyə, Kanada və Hollandiyanın aparıcı təhsil mərkəzlərində təhsil alması üçün Təqaüd Proqramı qəbul etmişdir.

 

2007

- Martın 25-də Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz kəməri) qaz kəməri açılmışdır. Kəmərin uzunluğu 980 km-dir.  Bu kəmərlə “Şah Dəniz” yatağından çıxarılan qaz ötürülür. 

- SOCAR&Turcas Enerji A.Ş 2 milyard 40 milyon dollara Türkiyədə Petkim Petrokimya neft-kimya şirkətinin səhmlərinin 51%-i almışdır. ARDNŞ 2023-cü ilədək Petkim-ə 20 milyard dollar sərmayə qoymaq niyyətindədir. 

- İsveçrədə, Cenevrə şəhərində ARDNŞ-nin treydinq şirkəti- ”SOCAR Trading SA” təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd “Azəri Layt” markalı neftin bazarlanması, dünya bazarında rəqabət qabiliyyətinin artırılması, son iştehlakçılara çatdırılması, qeyri-Azərbaycan mənşəli xam neft və neft məhsullarının alqı-satqısıdır.

 

2008

- Mayın 16-da Gürcüstanda Kulevi terminalının açılışı olmuşdur. Bu hadisə ARDNŞ-nin beynəlxalq fəaliyyətinin yeni mərhələsinin başlanğıcı idi. Layihənin ötürmə qabiliyyətinin 15-20 milyon tonadək artılması planlaşdırılır.

 

2009

- SOCAR və Total arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının kəşfiyyatı və tədqiqi ilə bağlı saziş imzalanmışdır.

 

2010

- SOCAR və Çinin Zhen Rong şirkəti Azərbaycan neftinin Çinə tədarükü ilə bağlı qarşılığlı anlaşma memorandumu imzalamışlar.

-  Xəzərin Azərbaycan sektorunda 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat ehtiyatı olan “Ümid” yatağı kəşf olunmuşdur.

- ARDNŞ-nin Ekoloji siyasəti təsdiq edilmişdir. Azərbaycanda Ekologiya ilinin vəzifələrini reallaşdırmaq üçün layihə işlənib hazırlanmış və geniş miqyaslı tədbirlər həyata keçirilmişdir.

 

2011

350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatı olan “Abşeron” yatağı kəşf olunmuşdur.

- ARDNŞ-nin Ukraynada aldığı 20 yanacaqdoldurma stansiyasından 17-i işə salınmışdır.

- Oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində AYPE-T zavodunun açılışı, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimləri baş tutmuşdur. Star" neft emalı zavodunun təməlqoyma mərasimində bildirilmişdir ki, yeni neft emalı zavodu, ilk növbədə, bu kompleksin xammalla təchiz olunmasına hesablanıb. Zavodun dəyəri 5,5 milyard dollardır, gücü isə ildə 10 milyon tondur. Zavodda istehsal olunan neft məhsulları Petkim-in, Türkiyənin daxili bazarının, həmçinin Aralıq dənizi ölkələrinin   tələbatını ödəməyə yönəldiləcək. Səfər çərçivəsində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından sonra iki ölkə arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi" və "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Çərçivə Anlaşması Sazişi" imzalanmışdır.

- Noyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkəti və Exxon Mobil Central Europe Holding GmbH arasında Exxon Mobil - Esso Schweiz GmbH-in İsveçrə filialının səhmlərinin alqı-satqısı barədə saziş imzalanmışdır. Sazişin şərtlərinə görə, ARDNŞ İsveçrə ərazisində 170 yanacaqdoldurma stansiyasının, sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi şəbəkəsinin, Vangen-Oltendə qaz doldurma zavodunun idarəçiliyini əlinə aldı, həmçinin Cenevrə və Sürix hava limanlarında aviasiya yanacaq doldurma məntəqələrinin səhmlərinə sahib olmuşdur.

- Dekabrın 26-da Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında “Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu” imzalanmışdır. TANAP” layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Layihə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcəkdir.

 

2012

- 10 Aprel - “ARDNŞ NQNK (Neft-Qaz və Neft-Kimya Kompleksi) Forumu” (“SOCAR OGPC Forum”) keçirilmişdir.

- 25 May - ARDNŞ və Səudiyyə Ərəbistanının “Soroof İnternational” şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır.

- 8 İyun - “Ümid” platformasından qazılmış ikinci quyu mənimsənilmişdir

-  İyunun 26-da İstanbulda Trans-Anadolu Qaz Boru Kəməri layihəsi üzrə sənədlərin imzalanması mərasimi keçirilmişdir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmışdır. Müqaviləni həmçinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzalamışlar. Türkiyənin BOTAŞ şirkəti və ARDNŞ arasında “TANAP Co” Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzalamışlar. Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi”ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və “TANAP Co” Şirkəti adından ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev imzalamışlar.

- İyunun 28-də Şahdəniz konsorsiumu Cənubi-şərqi və Mərkəzi Avropa istiqamətində potensial qaz ixracı marşrutlarının dəyərləndirilməsi mərhələsini yekunlaşdırıb. “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi Nabukko Uest (Nabucco West) layihəsi seçilib. Layihənin marşrutu Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) nəzərdə tutulur.